Ceyhun Hacıyev

Direktor

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru

Vəzifəyə təyin olunma tarixi: 2018-ci ilin aprel ayı

Ceyhun Hacıyev 1986-cı ilin iyul ayının 19-da Bakı şəhərində anadan olmuşdur.

Orta təhsilini 2003-cü ildə Bakı şəhəri 23 saylı orta məktəbdə başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinə daxil olmuş, 2007-ci ildə məzun olaraq iqtisadi kibernetika üzrə bakalavr dərəcəsi almışdır. Daha sonra təhsilini davam etdirmək məqsədilə 2011-ci ildə İsveçrənin Ali Bank Təhsili İnstitutunda (ISFB - Institut Supérieur de Formation Bancaire) daxil olmuş, və bu təhsil müəssisəsini fərqlənmə ilə başa bitirərək Özəl Bankçılıq (Private Banking) üzrə diplom əldə etmişdir.

Əmək fəaliyyətinə 2007-ci ilin oktyabr ayında “PAŞA Bank” ASC-nin Strateji inkişaf departamentində icraçı vəzifəsində başlamış, 2007-2012-ci illərdə isə Xəzinədarlıq departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 2013-cü ilin yanvar ayından oktyabr ayına qədər “PAŞA Bank Gürcüstan” ASC-nin Xəzinədarlıq departamentinin meneceri vəzifəsini icra etmişdir. Daha sonra 2013-cü ildə “PAŞA Bank” ASC-nin Xəzinədarlıq departamentinin aparıcı treyderi vəzifəsinə təyin olunaraq əmək fəaliyyətini davam etdirmiş, 2016-cı ilin fevral ayında isə Bankın Xəzinədarlıq, Aktiv və Passivlərin idarə edilməsi departamentinin Xəzinədarlıq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 2013-cü ildən 2016-cı ilə qədər “PAŞA Bank” ASC-də çalışmaqla yanaşı “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin meneceri vəzifəsini də icra etmişdir. 2018-ci ilin mart ayında “PAŞA Bank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru, həmin ilin aprel ayında isə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Banklar Assosiasiyasının Xəzinədarlıq qrupunun üzvüdür və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-ni təmsil edir.

Azərbaycan, rus, ingilis və türk dillərini sərbəst danışır.